BAKI, 16 dekabr — Sputnik. Ölkəmizdə sağlamlığın təcili problemləri insanları ən çox narahat edən məsələdir. Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi" üzrə simpoziumun açılış mərasimində deyib.
O bildirib ki, səhiyyə sistemi bu narazılığa nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar. O əlavə edib ki, ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu səhiyyənin maliyyələşməsinə aiddir:
"Bununla yanaşı əsas məsələlərdən biri təcili tibblə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bununla bağlı 3 əsas istiqamətdə iş aparılır. Birincisi, xəstəxanaya qədərki mərhələdə təcili yardımın təkmilləşdirilməsi, ikincisi, xəstəxana daxilində təcili tibbin müasir standartlara çatdırılması, üçüncüsü, təcii tibbi yardımın tədrisi məsələsidir. Bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər".