RUSİYA

Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar 10 dəfədən çox artıb

2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 2020-ci illə müqayisədə 5,9% artaraq 4 milyard 795,3 milyon dollara çatıb.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Rusiyanın Azərbaycana birbaşa investisiyaları 2022-ci ilin yanvar-sentyabr aylarında 10,5 dəfə artaraq 377,6 milyon dollara çatıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) hesabatında belə deyilir.
Beləliklə, Rusiya Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə ilk 5 ölkə sırasına daxil olub. Mərkəzi Bankın məlumatına görə, bu dövrdə bu göstərici üzrə lider 1,2 milyard dollar investisiya ilə Böyük Britaniyadır. Türkiyə - 751,6 milyon dollar, Kipr - 618,4 milyon dollar və İran - 256,2 milyon dollar investisiya ilə növbəti yerləri bölüşdürürlər.
AMB-nin hesabatına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 25% çoxdur.
Qurumun məlumatına görə, birbaşa xarici investisiyaların 69,8 faizi neft-qaz sektoruna, 30,2 faizi qeyri-neft sektoruna yönəldilib.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ilk 10 ölkəyə aşağıdakılar da daxildir: ABŞ - 231 milyon dollar, Yaponiya - 203,4 milyon dollar, İsveçrə - 156,1 milyon dollar, Norveç - 113,5 milyon dollar və Birləşmiş Ərəb Əmirlikləri - 60,3 milyon dollar.
Bununla yanaşı, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 2020-ci illə müqayisədə 5,9% artaraq 4 milyard 795,3 milyon dollara çatıb.
Cari əməliyyatların hesabının profisiti
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) hesabatında, həmçinin, qeyd olunub ki, 2022-ci ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 17,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 4,5 dəfə çoxdur.
2022-ci ilin üçüncü rübündə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 30,7%-ni təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, cari ilin ilk üç rübündə neft-qaz sektoru üzrə profisit 21,4 milyard dollar təşkil edib, qeyri-neft sektoru üzrə 3,7 milyard dollar kəsir yaranıb.