AZƏRBAYCAN XƏBƏRLƏRİ

Özbəkistan DTX-nin sədr müavini Azərbaycanda olub

Müzakirə zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə həyata keçirilən fəaliyyətlər, peşəkar kadrların hazırlanması sistemi barəsində məlumat mübadiləsi aparılıb.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Özbəkistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin sədrinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-mayor Səlimjon Xusanovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 13-15 dekabr tarixlərində ölkəmizdə rəsmi səfərdə olub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Özbəkistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bötüvlüyünün bərpa edilməsi, dövlət sərhədlərimizin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulması, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.
Özbəkistan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin sədrinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-mayor Səlimjon Xusanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri
Tərəflər son müddətdə Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində münasibətlərin uğurla inkişaf etməsini vurğulayıblar.
Müzakirə zamanı dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində müasir texniki vasitələrin və texnologiyaların tətbiqi ilə həyata keçirilən fəaliyyətlər, peşəkar kadrların hazırlanması sistemi barəsində məlumat mübadiləsi aparılıb.
Görüşdə sərhəd təhlükəsizliyinə qarşı təhdidlər, o cümlədən beynəlxalq terrorizm, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub.
Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatı, Sahil Mühafizəsi, Sərhəd Nəzarəti, DSX Akademiyası, Xüsusi Məktəbi və digər struktur qurumları ilə tanış ediliblər.