RUSİYA

Zaxarova erməni jurnalisti pərt etdi: sizin ölkənizdə də var

Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə görürəm.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) türkiyəli general-polkovnik Bəxtiyar Ərsayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin "NATO üzvü olan ölkənin generalının Azərbaycan MN başçısının müşaviri təyin olunmasına Rusiya necə münasibət bildirir? Postsovet ölkələrinin NATO ilə əməkdaşlığına Rusiya mənfi yanaşdığı halda, Azərbaycanın Türkiyə ilə əməkdaşlığına niyə göz yumur? sualına cavab verərək deyib ki, tək Azərbaycanda deyil, Ermənistanda da xarici müşavirlər var.
"Mən sizinlə razılaşmıram. Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə görürəm. Ermənistanda da belə insanlar var. Ona görə də mən sizin məzəmmətinizi qəbul etmirəm. Hər bir ölkənin tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var. Bununla belə, əlbəttə ki, biz bu əməkdaşlığın üçüncü ölkələrə istiqamətlənməməli olduğunu və Cənubi Qafqazdakı qüvvələr balansını pozmamalı olduğunu hesab edirik. Bu tezisi biz müntəzəm olaraq regiondakı tərəfdaşlarımıza çatdırırıq", - Rusiya XİN sözçüsü qeyd edib.