TƏHSİL

Müəllim sayı azaldılacaq - Sertifikasiyadan keçməyənlərin taleyi necə olacaq?

Emin Əmrullayev bildirib ki, müəllim saylarında da 4 ildən sonra tənzimləmə aparmaq mümkün olacaq.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. 40-44 yaşlı müəllimlərdən 9 nəfəri sertifikasiya imtahanında 0-10 bal yığıb. Bunu Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, 45-49 yaşlı müəllimlərdə vəziyyət ondan da pisdir:
"Həm də bu, bütün ölkənin nəticəsi deyil. 9 il sonra məktəbi bitirən uşaq aşağı nəticə göstərəndə nəticənin heç bir əhəmiyyəti yoxdur. Çıxıb Elm və Təhsil Nazirliyini tənqid etməyin heç bir mənası yoxdur. Burada nəticənin pis olmasının səbəbi fundamentin səhv olması ilə bağlıdır. Biz təxmini proqnozlar veririk ki, nə qədər adam sertifikasiyadan keçməyəndə uşaqların təhsilinə necə təsir edir. Mənim onların şəxsiyyəti, yaxşı və ya pis insan olması ilə heç bir problemim yoxdur. Mənim problemim onların uşaqlara dərs deməsi ilə bağlıdır. Amma biz həmin müəllimləri də küçəyə ata bilmərik. Düşünürəm ki, bu, müəllimi işə götürəndən başlayan məsuliyyətdir. Sosial tərəflə təhsil tərəfi arasında balans qurmalıyıq.
Sertifikasiya 4 ildən sonra bitəcək və bizim müəllimlərimizin hər biri sertifikasiyadan keçmiş olacaq. Müəllim saylarında da biz 4 ildən sonra tənzimləməyə gedə biləcəyik. Məsələn, Şəkinin hansısa məktəbində 2 ibtidai sinfə 16 müəllimin düşməsi problemi sertifikasiyadan sonra olmayacaq".