DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Putinə RF, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünü keçirməyi təklif edib

Onun sözlərinə görə, bu tədbirdən əvvəl dövlətlərin nazirlərinin görüşü keçirilməlidir
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Rusiya, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünün keçirilməsini təklif etdiyini bildirib.
Bu barədə Rusiya mediası xəbər verib.
Türkiyə prezidentinin sözlərinə görə, bu tədbirdən əvvəl dövlətlərin nazirlərinin görüşü keçirilməlidir.
"Hazırda gündəmdə olmayan hadisələrin inkişafı ilə əlaqədar daha sonra gündəmə gətirilə biləcək bir çox mövzular var.... Biz Suriya-Türkiyə-Rusiya üçtərəfli ittifaq kimi addım atmaq istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat xidmətlərimiz, sonra müdafiə və xarici işlər nazirlərimiz görüşməlidir. Bundan sonra liderlər kimi bir araya gələk. Mən bunu artıq Putinə təklif etmişəm", - deyə Ərdoğan jurnalistlərə deyib.
Türkiyəli siyasətçi əlavə edib ki, Rusiyanın rəhbəri onun təklifinə müsbət reaksiya verib.
Dekabrın 11-də Putinlə Ərdoğan arasında telefon danışığı olub. Ölkələrin liderləri ikitərəfli münasibətləri, eləcə də "Taxıl sazişi"nin icrasını müzakirə ediblər. Həmçinin söhbət zamanı Türkiyə prezidenti Ukrayna böhranının tezliklə həllinə ümid etdiyini bildirib.