BAKI, 14 dekabr - Sputnik. “Bu gün Kəlbəcərdə Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə bildirib.
“Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”, - tvitdə bildirilib.
Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.
Bu barədə Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda bildirilib.
Təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.