BAKI, 14 dekabr — Sputnik. İsveçrə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstəyi davam etdirmək niyyətindədir.
Bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ikitərəfli iqtisadi əlaqələr şöbəsinin rəhbəri Ervin Bollinqer bildirib (Report).
"Son illər İsveçrə Azərbaycanın qeyri-neft sektoruna fəal şəkildə sərmayə yatırır. Biz ikitərəfli ticarət əlaqələrinin inkişaf etdirilməsini, investisiyaların artırılmasını hədəfləyirik", - deyə o qeyd edib.
Tədbirdə çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərinin müşaviri Zöhrab Qədirov isə bildirib ki, Azərbaycanın İsveçrəyə qeyri-neft ixracında əsas yeri fındıq tutur.
"Biz İsveçrə ilə əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik. İsveçrə şirkətlərini Qarabağa sərmayə yatırmağa dəvət edirəm", - deyə o, əlavə edib.