BAKI, 14 dekabr — Sputnik. Laçın yolundan istifadə etməklə Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən mina terroruna əhəmiyyət verilməməsi ciddi narahatlıq mənbəyidir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, sözügedən ərazilərdə son 30 il ərzində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə diqqət yetirilməməsi, habelə üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına bu ölkələr tərəfindən laqeydlik məsələlərə qərəzli yanaşmanın göstəricisidir. (Report)
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.