DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yeni Zelandiyada 2009-cu ildən sonra doğulmuş insanlara tütün satışı qadağan edilib

Hazırda Yeni Zelandiyada yetkin əhalinin yalnız 8%-i gündəlik siqaret çəkir ki, bu da 10 il əvvəlkindən iki dəfə azdır.
Sputnik
BAKI, 13 dekabr - Sputnik. Yeni Zelandiya parlamenti 2009-cu il yanvarın 1-dən sonra doğulan hər kəsə tütün məmulatlarının satışını qadağan edən qanun qəbul edib. Bu barədə ölkənin RNZ radiosu çərşənbə axşamı məlumat yayıb.
Bildirilir ki, üçüncü oxunuşda qəbul edilən qanun “Aotearoa (Yeni Zelandiya) hökumətinin 2025-ci ilə qədər ölkədə siqaret çəkilməsinin qarşısını almaq məqsədinə doğru daha bir addımdır”.
O da bildirilir ki, yeni qanun tütün məmulatlarında icazə verilən nikotinin konsentrasiyasını, habelə tütün satan məntəqələrin sayını da azaldır.
Bununla yanaşı, 2009-cu il yanvarın 1-dən sonra doğulanlara ömürlük tütün almağa icazə verilməyəcək.
“Ölkədə tütün satışı ilə məşğul olan məntəqələrin sayı indiki 6 mindən 10 dəfə azalacaq”, - deyə Yeni Zelandiyanın səhiyyə nazirinin müavini Aişa Verral bildirib.
"Yəni, gələn ilin sonuna qədər ölkədə cəmi 600 tütün məmulatının satış məntəqəsi qalacaq", - deyə o izah edib.
RNZ-nin məlumatına görə, hazırda Yeni Zelandiyada yetkin əhalinin yalnız 8%-i gündəlik siqaret çəkir ki, bu da 10 il əvvəlkindən iki dəfə azdır.