BAKI, 13 dekabr — Sputnik. Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən minik avtomobillərinin gömrükdə bəyan edilməsi qaydasını elektronlaşdırmağı planlaşdırır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
"Avtomobillərə "Avro-4" standartının verilməsi artıq elektronlaşdırılıb. Dediyim istiqamətdə də iş aparılır. Avtomobillərin gömrük məntəqələrinə gətirilməsi vacib deyil", - deyə o qeyd edib.
Azərbaycan avtomobil idxalını 17% azaldıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 829,3 milyon ABŞ dolları dəyərində 60790 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4% çox və 16,6% azdır.
İlk 10 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 87,6% dəfə artaraq 349 ədəd (47,7 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 17,5% azalaraq 56092 ədəd (664,1 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 9770-u (119,8 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 368-i (12,8 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.