BAKI, 13 dekabr — Sputnik. Moskva son insidentlərdən sonra Hindistan və Çin arasında sərhəddə ciddi eskalasiyanın qarşısının alınacağını gözləyir. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Ümid edirik ki, bu eskalasiyanın qarşısını almaq olar", - Rudenko "Valday" Diskussiya Klubu çərçivəsində jurnalistlərə deyib.
Bundan əvvəl Hindistan Müdafiə Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib ki, bir neçə gün əvvəl Arunaçal-Pradeş ştatında Çin hərbçiləri ilə toqquşma zamanı azı 6 hindistanlı əsgər yaralanıb.
O, iki ölkənin hərbçiləri arasında toqquşmanın dekabrın 9-da Tavanq sektorunda baş verdiyini təsdiqləyib və həmçinin bildirib ki, insidentdən sonra Hindistan və Çin ordu komandanlığının nümayəndələri cəbhə xəttində sülh və əmin-amanlığın bərpası üçün görüş keçiriblər.
2020-ci ilin may ayında Ladax sərhəd bölgəsindəki Qalvan vadisində Çin qüvvələri ilə şiddətli toqquşmalarda 20 hindistanlı əsgərin öldüyü və daha bir neçəsinin yaralandığı toqquşmadan sonra bu, ilk hadisədir.