BAKI, 12 dekabr — Sputnik. Fudan Universitetindən bir qrup tədqiqatçı yaşıl işığın ağrıları azaltmağa necə kömək etdiyini öyrənmək üçün siçanlarda gözlərdən beyinə qədər neyron fəaliyyətini izləyiblər.
"Gazeta.Ru" xəbər verir ki, tədqiqatın nəticələri "Science Translational Medicine" jurnalında dərc olunub.
Bu yaxınlarda alimlər müəyyən ediblər ki, yaşıl işıq artrit, miqren və fibromiyalgiya kimi xəstəlikləri olan insanlarda ağrı səviyyəsini azaldır, lakin bunun səbəbləri sirr olaraq qalıb. Bu suala cavab vermək üçün tədqiqatçılar siçanlar üzərində bir sıra təcrübələr aparıblar.
Tədqiqatçılar siçanlarda işığın qəbulunda və emalında iştirak edən görmə sisteminin bütün hissələrini tədqiq ediblər. Onların hər birini müxtəlif vaxtlarda söndürərək bunun ağrı hisslərinə necə təsir etdiyini sınaqdan keçiriblər. Nəticədə onlar aşkar ediblər ki, yaşıl işıq müxtəlif neyronların, o cümlədən qorxu və həyəcan hissi ilə əlaqəli fəaliyyətini azaldan qamma-amin yağ turşusunun (QAYT) siqnallarının daha çox ötürülməsinə səbəb olub. Bu, ağrıların azalmasına səbəb olan Penk geninin daha çox ekspresiyasına səbəb olub.