BAKI, 11 dekabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında münasibətlər, xüsusilə enerji, “taxıl sazişi” və terrorla mübarizə başda olmaqla regional məsələlər müzakirə edilib.
Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 13 milyon tondan çox taxılın ehtiyacı olan dövlətlərə birgə səylər vasitəsi ilə çatdırılmasını təmin etdiyini bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, “taxıl sazişi” çərçivəsində müxtəlif ərzaq məhsullarının və tədricən digər malların ixracı üzərində işə başlaya bilərlər. O, Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsini arzulayıb.
Ərdoğan PKK terror təşkilatı və onun qolu PYD/YPG-nin Suriyanın şimalındakı separatçı fəaliyyətlərini və Türkiyəni hədəf alan terror hücumlarını Vladimir Putinin diqqətinə çatdırıb.
Qeyd olunub ki, 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, Türkiyə ilə Suriya sərhədində terrorçuların təmizlənməsi vacib və əhəmiyyətlidir.