BAKI, 10 dekabr - Sputnik. Rusiya tərəfi yaxın gələcəkdə beynəlxalq informasiya təhlükəsizliyi (BİT) sahəsində universal və hamı üçün məcburi olan sazişlər üzrə işlərinin nəticələrini təqdim edəcək. Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Oleq Sıromolotov RİA Novosti-yə müsahibəsində deyib.
BMT Baş Assambleyasının dekabrın əvvəlində qəbul etdiyi beynəlxalq informasiya təhlükəsizliyinə dair qətnaməni şərh edən diplomat deyib ki, burada əsas məsələ “2021-2025-ci illər üçün informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadədə təhlükəsizlik məsələləri üzrə BMT-nin Açıq İşçi Qrupunun fəaliyyətinə dəstək”dir.
“Bu danışıqlar mexanizmi - qeyd olunan məsələdə yeganə bu cür mexanizmdir. Onun əsas vəzifəsi informasiya məkanının dövlətlər arasında toqquşma meydanına çevrilməsinin qarşısını almaqdır”, - deyə Sıromolotov bildirib.
Rusiya xarici işlər nazirinin müavininin sözlərinə görə, qrup “beynəlxalq informasiya təhlükəsizliyi üzrə universal, bütün müqavilələr üçün məcburi olan şərtləri təmin etmək iqtidarındadır”.
"Rusiyanın bu sahədə gördüyü müvafiq işlər var. Biz onları yaxın gələcəkdə beynəlxalq ictimaiyyətin müzakirəsinə təqdim etmək niyyətindəyik", - deyə Sıromolotov əlavə edib.