BAKI, 9 dekabr — Sputnik. Rusiya Ermənistanın aparıcı ticarət-iqtisadi tərəfdaşı olaraq qalır. Bunu Rusiya prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Rusiya Federasiyası prezidentinin sözlərinə görə, Ermənistanın ticarət dövriyyəsinin 30%-dən çoxu Rusiyanın payına düşür. Rusiya həm də Ermənistan iqtisadiyyatının aparıcı investorlarından biridir. Bu, investisiyaların təxminən 40%-ni təşkil edir.
Putin həmçinin bildirib ki, bu ilin 10 ayında ticarət dövriyyəsinin artımı 67% təşkil edib. Rusiya dövlətinin başçısı bunu ciddi və müsbət göstərici adlandırıb. Onun sözlərinə görə, bununla belə, həmişə müzakirə edilməli olan məsələlər var və görüşmək fürsətinə görə şaddır.
Qeyd edək ki, yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 3,8 milyard dollar, ötən ilin eyni dövründə isə 2,34 milyard dollar təşkil edib.
Bundan əvvəl Qırğızıstanın paytaxtında Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilib.
Xatırladaq ki, sonuncu dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabrın 23-də İrəvanda keçirilən sammiti çərçivəsində V.Putinlə N.Paşinyan arasında görüş olub.