BAKI, 9 dekabr — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması barədə razılıq əldə olunub. Bu barədə Sputnik Ermənistan xəbər verib.
Parlamentdə çıxışı zamanı o, sülh müqaviləsinin mətninin üç dəfə redaktə edildiyini diqqətə çatdırıb.
"Sülh müqaviləsinin bütün digər bəndləri üzrə dəqiq razılıq yoxdur", - deyə Qriqoryan qeyd edib.
Onun sözlərinə görə, söhbət Qarabağdan, sərhədin delimitasiyası və demarkasiyasından, kommunikasiyaların blokunun açılmasından və humanitar məsələlərdən gedir – "bu məsələlərlə bağlı müzakirələr davam edir".
Qarabağ məsələsi Azərbaycanın daxili işidir
Ermənistan Təhlükəsizlik Şurasının katibinin açıqlamasını şərh edən politoloq İlqar Vəlizadə təsdiqləyib ki, Qriqoryanın göstərdiyi bütün problemli məsələlər Bakı və İrəvan arasındakı danışıqlarda yer alıb.
"Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, mövcud reallıqlar nəzərə alınmaqla iki ölkə arasında sülh müqaviləsi ümumi deklorativ müddəalar toplusu ola bilməz. Lakin erməni redaksiyasında "Dağlıq Qarabağ problematikası, sərhədin delimitasiyası və demarkasiyası, rabitə və humanitar məsələlərlə bağlı" müddəalar var. Sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələlərlə bağlı tərəflər hələ də ümumi razılığa gələ bilmirlər", - deyə Vəlizadə Sputnik Azərbaycan-a bildirib.
O xüsusi vurğulayıb ki, əgər tərəflər bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərini tanısalar, o zaman Qarabağ sırf suveren ərazisində yerləşdiyi Azərbaycanın mövzusu hesab olunacaq.
"Yeri gəlmişkən, Qriqoryanın istinad etdiyi beynəlxalq müqavilələr haqqında Vyana Konvensiyasının preambulasında birbaşa qeyd olunur ki, Konvensiya iştirakçıları dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini nəzərə almalıdırlar", - deyə politoloq izah edib.
Sərhədlərin delimitasiyası
Ekspert xatırladıb ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri ayrı-ayrılıqda müzakirə mövzusudur. Sülh müqaviləsində yalnız bu məsələlərin həllinə dair prinsiplər və əsas yanaşmalar öz əksini tapa bilər.
"Onların təfərrüatlarının verilməsi fərdi qərarların mövzusudur. Xüsusilə, sərhədin delimitasiyası və demarkasiyası uzun və mürəkkəb prosesdir. O, illərlə uzana bilər. Sülh müqaviləsinin imzalanması mövzusunu sərhəd məsələlərinin yekun həllindən asılı etmək olmaz”, - Vəlizadə vurğulayıb.
İlin sonuna qədər sülh müqaviləsi?
Politoloq Qriqoryanın Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün iki variantın olması barədə açıqlamasına da münasibət bildirib.
Qriqoyan bildirib ki, bir variantı Moskva, ikinci variantı Azərbaycan təklif edib. Qərbin təklif etdiyi varianta gəlincə, o, nə Brüsseldən, nə Vaşinqtondan, nə də başqa paytaxtdan alınmayıb.
"Maraqlıdır ki, həmin gün o, Ermənistanın ilin sonuna qədər sülh müqaviləsi bağlamaq üçün səylərini əsirgəməyəcəyini bildirib. Ertəsi gün isə parlamentdə çıxış edən erməni siyasətçi İrəvanla Bakı arasında sülh müqaviləsinin bir məqamında - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması barədə razılıq əldə olunduğunu etiraf edib. Tərəflər imzalamasa belə, ilin sonuna qalan üç həftə ərzində sülh müqaviləsinin necə imzalanacağı qeyri-müəyyən olaraq qalır”, - deyə azərbaycanlı ekspert fikirlərini tamamlayıb.