BAKI, 8 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində Rusiyanın təşkilata sədrliyi dövründə əsas prioritetləri müəyyən edəcək. Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Cümə günü Bişkekdə Aİİ sammiti keçiriləcək, orada Rusiya Prezidenti Vladimir Putin iştirak edəcək. 2023-cü il yanvarın 1-dən Aİİ-yə sədrlik Rusiyaya keçəcək.
"Geniş tərkibdə iclasdakı çıxışında prezident inteqrasiyanın hazırkı mərhələsini qiymətləndirəcək, Aİİ-nin gələcək inkişafı üçün təxirəsalınmaz vəzifələri müəyyənləşdirəcək və 2023-cü il üçün Rusiya sədrliyinin əsas prioritetlərini açıqlayacaq", - Uşakov brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının əsas prioritetləri Aİİ-nin inkişafı üçün strateji təlimatların yenilənməsi, texnoloji suverenliyin gücləndirilməsi, müxtəlif sənaye sahələrində informasiya texnologiyalarının tətbiqi və investisiya əməkdaşlığının qurulması olacaq.
"Biz həmçinin elm, təhsil və gənclər mübadiləsini aktivləşdirməyi təklif edəcəyik. Aİİ ilə digər ölkələr və inteqrasiya birlikləri arasında sıx qarşılıqlı əlaqələrin qurulmasına xüsusi diqqət yetiriləcək", - deyə Uşakov bildirib.