BAKI, 7 dekabr — Sputnik. Dekabrın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilir.
İclasın gündəliyinə birinci oxunuşda olan 4 məsələ daxil edilib.
1.
"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);2.
"Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);3.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);4.
"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).Milli Məclisin Müdafiə təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun 2009-cu ildə qəbul edilib. Qanunun yenilənməsi zərurətdən yaranıb.
Z.Əsgərov vurğulayıb ki, qanun layihəsinin təklif edilməsində məqsəd Azərbaycan iqtisadiyyatına zərər verə biləcək halların qarşısını almaq, terrorçuluğa qarşı mübarizə aparmaqdır.
O bildirib ki, terrorçuluğa qarşı mübarizə tədbirləri bu gün bütün dünyada aparılır. Mübarizə təkmilləşdirilsə də, terrorçuluq da artır, müxtəlif üsullarla tətbiq edilir.
Ziyafət Əsgərov bildirib ki, ən çox belə cinayətlər bank köçürmələri zamanı həyata keçirilir: “Biz terrorçuluğa dəstək üçün edilən bank əməliyyatlarının qarşısını almağa çalışırıq. Bununla bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edirik ki, belə hal aşkarlansa, hüquqi normativ aktlarımız da bunun qarşısını ala bilsin”.