RUSİYA

Rusiyanın bu regionunun müəssisələri Azərbaycan bazarına çıxmaqda maraqlıdır

Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Novqorod vilayətindən olan iş adamlarına Azərbaycanda keçirilən ixtisaslaşmış sərgilərdə iştirakın əhəmiyyətindən danışıb.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyində Novqorod vilayətindən Azərbaycana işgüzar səfərə gəlmiş Regional İxraca Dəstək Mərkəzinin direktor müavini Darya Yanveldtin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Biznes missiyası ağac emalı və tikinti sahəsində fəaliyyət göstərən üç şirkəti əhatə edir. Görüş zamanı onların nümayəndələri öz müəssisələrini təqdim edib, həmçinin, suallar vermək imkanı əldə ediblər.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov ixracatçılara dəstək üçün maliyyə və qeyri-maliyyə alətləri, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, məhsulların sertifikatlaşdırılmasının xüsusiyyətləri barədə ətraflı danışıb, o cümlədən, Azərbaycanda keçirilən ixtisaslaşmış sərgilərdə iştirakın vacibliyini vurğulayıb.
Yanveldt bildirib ki, Novqorod vilayəti Azərbaycana əsasən taxta-şalban və gübrə ixrac edir. O, həmçinin, uşaq məhsulları və məişət məmulatları istehsalçılarının yüksək ixrac potensialını vurğulayaraq, bir sıra Novqorod şirkətlərinin məhsullarını təqdim edib.
Biznes missiyası çərçivəsində danışıqlar, B2B görüşlər və ixtisaslaşmış Azərbaycan müəssisələrinə səfərlər nəzərdə tutulub.
Novqorod vilayətinin nümayəndə heyətinin Azərbaycana səfəri dekabrın 7-dək davam edəcək.