BAKI, 7 dekabr — Sputnik. Dekabrın 15-16-da Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Emin Ağalarov ənənəvi qış konsertini təqdim edəcək. Bu barədə məşhur müğənni özünün sosial media hesabında məlumat verib.
Bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə konsert verən Ağalarov bildirib ki, dekabrın 11-də Moskvada, dekabrın 15-16-da isə Bakıdakı Heydər Əliyev Sarayında sevənlərinin qarşısına çıxacaq.
Konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xətti olan Emin dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi musiqi sənətinin dühalarından ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun "Still" adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri də yer alıb. Daha sonra Eminin 2007-ci ildə "Incredible" adlı albomu işıq üzü görüb və albomdakı "Don't cry" mahnısı sevilən mahnılar sırasında yer alaraq film musiqisi kimi də tanınıb. Daha sonra isə o, dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət "Obsession", həmçinin "Devotion" albomlarını buraxıb.