BAKI, 6 dekabr — Sputnik. Şahmatın blits növü üzrə Azərbaycan çempionatına yekun vurulub.
Federasiyadan "Report"a verilən məlumata görə, üç şahmatçı 9 turdan 7 xal toplayıb. Əlavə göstəricilərə görə Aydın Süleymanlı yarışın qalibi adını qazanıb.
Vüqar Əsədli və Rauf Məmmədov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qadınların yarışında Gülnar Məmmədova 7 oyundan 6 xal toplayaraq birinci olub. Xanım Balacayeva çempionatı 5,5 xalla ikinci, Türkan Məmmədyarova isə 4,5 xalla üçüncü yerdə başa vurub.
Beləliklə, Qazaxıstanda təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında iştirak edəcək şahmatçılar dəqiqləşib.
İki yarışın cəmində ən çox xal toplayan Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Ləman Hacıyeva, Gülnar Məmmədova və Xanım Balacayeva dünya çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, ilk səkkiz yerin sahibi pul mükafatı əldə edib. Çempionatın ümumi mükafat fondu 8000 manat təşkil edib.