BAKI, 6 dekabr — Sputnik. ABŞ-ın "The New York Times" qəzetinin köşə yazarı Con İsmey iddia edir ki, Rusiya Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, qanadlı raketlər istehsal etməyə davam edir.
Jurnalist Kiyevdəki hərbi mənbələrə istinadən yazır ki, Ukraynanın kritik infrastrukturunu zədələyən X-101 raketlərindən ən azı biri 2022-ci ilin oktyabrından gec olmayaraq yaradılıb. Bununla belə, Rusiyaya yarımkeçiricilər və digər elektron komponentlərin idxalı qadağan edilib.
İsmey hesab edir ki, Rusiya elektronikanın tədarükü üçün ya alternativ kanallar yaradıb, ya da Ukraynada xüsusi hərbi əməliyyat başlayana qədər əhəmiyyətli ehtiyatlara malik olub.
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi bildirir ki, 2022-ci ilin fevralından bəri Rusiya xeyli sayda uzaqmənzilli raketlər atıb, lakin Rusiya ordusunun arsenalında nə qədər silahın olduğu bəlli deyil. Eyni zamanda, Pentaqon vurğulayıb ki, qlobal təcrübəyə əsasən, əvvəlcə anbarlarda saxlanılan köhnə sursatlar döyüş meydanında istifadə olunur, daha sonra isə yeniləri.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın infrastruktura hücumlara görə Ukraynaya daha çox silah verilməsi üçün çağırış etdiyi bildirilirdi.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.