BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olması məsələsinə münasibət bildirib.
XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.
“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilmişdir. Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”, - o vurğulayıb.