CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb

Son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Xəzər dənizinin səviyyəsinin enməsi çox ciddi məsələlərdən biridir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.
Umayra Tağıyeva bildirib ki, bunu kompleks araşdırmaq üçün Xəzəryanı ölkələrin mütəxəssisləri öz səylərini birləşdirməlidirlər: "Xəzər çox unikal bir hövzədir. Çox təəssüf ki, bu günə qədər Xəzər dənizi ilə bağlı uzunmüddətli proqnozlar özünü doğrultmayıb. Hazırda dövri enmə və qalxmalar müşahidə olunur".
"Məqsədimiz ondan ibarətdir ki, Xəzəryanı 5 ölkə tərəfindən Xəzər dənizinin razılaşdırılmış səviyyə tərəddüdlərinə dair ümumi bir ssenari hazırlansın və həmin ssenariyə uyğun ölkələr uyğunlaşma proqramlarını təqdim etsin", - deyə o əlavə edib.
U.Tağıyeva bildirib ki, son 10 il ərzində Kürdən Xəzərə daxil olan suyun həcmi 51 faizə qədər azalıb:
"Təbii ki, bu, Xəzərin səviyyəsinə təsir edən amillərdən biridir. Amma digər amil temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artmasıdır".