BAKI, 1 dekabr — Sputnik. Rusiya Federasiyasının İspaniyadakı səfirliyi naməlum şəxslər tərəfindən Ukraynanın Madriddəki diplomatik nümayəndəliyinə və İspaniyanın bir sıra qurumlarına göndərilən partlayıcı paketlərlə bağlı vəziyyəti şərh edərək, istənilən təhdidləri və terror aktlarını pislədiyini bildirib.
"Ukraynanın İspaniyadakı səfirliyinə və İspaniyanın bəzi rəsmi qurumlarına partlayıcı maddələr olan bağlamalar göndərilməsi ilə bağlı KİV-də yer alan məlumatlar ilə əlaqədar olaraq, bildiririk ki, biz istənilən təhdidləri və terror aktlarını, xüsusilə diplomatik nümayəndəliklərə qarşı yönəlmiş hərəkətləri pisləyirik", - səfirlikdən bildiriblər.
Bundan əvvəl Ukraynanın Madriddəki səfirliyinə, "Instalaza" silah şirkətinə, Krallığın Müdafiə Nazirliyinə və Torrexon de Ardoz aviabazasına partlayıcı maddələrin olduğu bağlamaların göndərildiyi bildirilib. Məlum olub ki, noyabrın 24-də İspaniya polisi İspaniyanın Baş naziri Pedro Sançesə ünvanlanmış "pirotexniki maddə" olan zərfi ələ keçirib.
Çərşənbə günü "20 Minutos" qəzeti mənbələrə istinadən yazıb ki, poçt zərfində gizlədilən qurğunun partlaması nəticəsində Ukraynanın Madriddəki səfirliyinin əməkdaşı yüngül xəsarət alıb. Qurğu Bakı vaxtı ilə saat 16:00 radələrində partlayıb. Bu zaman polis əməkdaşları Ukraynanın Madriddəki səfirliyində yanğınla bağlı çağırış alıblar.
Daha sonra Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsev bildirib ki, Madriddəki Ukrayna səfirliyinin qarşısında zərf deyil, qutu partlayıb. EFE agentliyi İspaniyanın milli məhkəməsinin Madriddəki Ukrayna səfirliyinin binası yaxınlığında baş vermiş partlayışla bağlı iş açacağını, hadisənin mümkün terror cinayəti kimi araşdırılacağını bildirib.