RUSİYA

Avropalılar Rusiya neftinin qiyməti ilə bağlı razılığa gələ bilmirlər

Avropa Komissiyasının sözçüsü Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Rusiya neftinin qiymətinin yuxarı qiymət həddi ilə bağlı razılıq hələ əldə olunmayıb.
Sputnik
BAKI, 1 dekabr — Sputnik. Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərdən Rusiya neftinin yuxarı qiymət həddini 60 dollar/barel səviyyəsində təsdiq etməyi xahiş edib. Bu barədə "Wall Street Journal" mənbələrə istinadən xəbər verir.
Cümə axşamı günü Avropa Komissiyasının sözçüsü Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Rusiya neftinin qiymətinin yuxarı qiymət həddi ilə bağlı razılıq hələ əldə olunmayıb.
Qeyd olunur ki, Aİ ölkələrinin yüksək rütbəli rəsmiləri cümə axşamı günortadan sonra bu təklifi müzakirə etməyə başlayıblar. Aİ-yə üzv ölkələr bir barel üçün maksimum qiymətin 60 dollar olması ətrafında o qədər "birləşiblər" ki, Avropa Komissiyası razılığa gəlməyi mümkün hesab edir.
RİA Novosti-nin Brüsseldəki mənbəsi çərşənbə günü bildirib ki, Polşa və Baltikyanı ölkələrin qiyməti aşağı salmaq çağırışlarına baxmayaraq, Avropa Rusiyadan neftin qiymətini bir barel üçün 62 dollar səviyyəsində müəyyən edəcək. Varşavanın təklifi 30 dollar limiti idi.
Rusiya Prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən dəfələrlə bəyan edib ki, əgər bu, onun maraqlarına zidd olarsa, Rusiya xaricə heç nə tədarük etməyəcək. Rusiya Baş nazirinin müavini Aleksandr Novak onu da bildirib ki, Rusiya yalnız bazar şərtləri əsasında işləyəcək və qiymət həddi tətbiq edən ölkələrə nefti nə bir barel üçün 60 dollardan, nə də başqa qiymətə tədarük etməyəcək.