BAKI, 30 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,87 dollar artaraq 83,9 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,54 dollar bahalaşaraq 78,74 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 dollar və ya 1,4% artaraq 85,21 dollar təşkil edib.
Qeyd edək ki, dekabrın 4-də Avstriyanın paytaxtı Vyanada OPEC və “OPEC plus” nazirlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. Qlobal neft bazarının qeyri-sabitliyi fonunda bu görüşdə neft hasilatının daha da azaldılacağı gözlənilir. İnvestorların diqqəti bu görüşə yönəlib.
“OPEC plus” nazirləri bundan əvvəl oktyabrın 5-də bir araya gəliblər. Görüşdə noyabrdan neft hasilatı kvotalarının sutkada 2 milyon barel azaldılması barədə qərar qəbul edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.