BAKI, 30 noyabr — Sputnik. Futbol üzrə Rusiya milli komandasının sabiq hücumçusu Aleksandr Kerjakov Azərbaycan Premyer Liqa klubunun baş məşqçisi ola bilər.
Yerli mətbuatın yazdığına görə, Aleksandr Kerjakov hazırda Bakının "Səbail" klubu ilə danışıqlar aparır.
Qeyd olunur ki, paytaxt klubunun rəhbərliyi cari mövsümdəki vəziyyətdən narazıdır və hazırkı baş məşqçi Mahmud Qurbanovu qış mövsümü ərzində istefaya göndərməyi planlaşdırır.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 15-ci turundan sonra "Səbail" klubu turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Görünür, "Səbail" klubunun rəhbərləri bu ilin əvvəlində daha bir rusiyalı mütəxəssis, "Krasnodar"ın sabiq məşqçisi Murad Musayevin cəlb olunması ilə Bakının "Sabah" klubunun təcrübəsindən yararlanmağa qərar veriblər.
Bundan sonra "Sabah" klubunda uğurlar artıb, xüsusən də klub hazırda çempionatda ikinci yerdədir və hələlik "Qarabağ" klubunun yeganə real rəqibidir.
Əlavə edək ki, Aleksandr Kerjakovun son iş yeri ötən mövsümdə 11-ci yeri tutduğu Rusiya Premyer Liqasının "Nijni Novqorod" klubu olub. Bu ilin yayında Rusiya millisinin və Sankt-Peterburqun "Zenit" klubunun sabiq hücumçusu Novqorod komandasını tərk edib.
Yeri gəlmişkən, 2014-cü ildə Kerjakov Rusiya yığmasının heyətində Azərbaycan komandası ilə yoldaşlıq görüşündə dubla imza atıb və bu görüş isə 4:0 hesabı ilə rusiyalıların xeyrinə başa çatıb.