BAKI, 29 noyabr — Sputnik. Rusiyanın maliyyə sistemi sabit qalıb, sanksiyalara baxmayaraq, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb.
Bunu Rusiya Baş naziri Mixail Mişustin çərşənbə axşamı hökumətin iclasında deyib.
"Gündəlikdə olan məsələ bu ilin 9 ayı üzrə federal büdcənin icrası ilə bağlıdır. Çətinliklərə baxmayaraq, onun əsas göstəriciləri üzrə balans qorunub. Sanksiyalar Rusiya maliyyə sisteminin sabitliyini pozmayıb və makroiqtisadi sabitliyə təsir etməyib", - deyə baş nazir qeyd edib.
Mişustinin sözlərinə görə, hadisələrin mənfi ssenarilər üzrə inkişafının qarşısını almaq mümkün olub: "Görülən sistemli tədbirlər iqtisadiyyatda vəziyyəti sabitləşdirməyə, müəssisələrin və bütöv sənaye sahələrinin fəaliyyətini dəstəkləməyə, regionlarda iş yerlərini qorumağa imkan verib".
Xatırladaq ki, cari ilin aprelində neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə Rusiya Prezidenti Vladimir Putin xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib və Rusiya valyuta bazarını buna hazırlamağı tapşırıb.
Rusiya liderinin sözlərinə görə, əmin olmaq lazımdır ki, istənilən xarici valyuta sərbəst və lazımi miqdarda rubla dəyişdirilə bilsin. Prezident bildirib ki, etibarsız və özünü doğrultmamış valyutaların rədd edilməsi ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi üçün vacibdir.