RUSİYA

Putin Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas sahələrini anlatdı

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, ölkələr neft-qaz, kömür və elektrik enerjisi sektorlarında yüksək səviyyədə əlaqələri təmin edə biliblər.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Çin arasında əlaqələrin, xüsusən də enerji sektorunda inkişaf etdiyini qeyd edib.
"Növbəti, dördüncü Rusiya-Çin enerji biznes-forumunun açılışı münasibətilə sizi salamlayıram. Beynəlxalq vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf etməkdə davam edir. Eyni zamanda, enerji daim iqtisadi əməkdaşlığımızın əsas və ən dinamik sahələrindən biri olaraq qalır", - deyə Putinin Rusiya-Çin enerji biznes-forumuna göndərdiyi teleqramda qeyd edilib.
Putinin sözlərinə görə, ölkələr neft-qaz, kömür və elektrik enerjisi sektorlarında yüksək səviyyədə əlaqələri təmin edə biliblər. "Çində atom elektrik stansiyalarının tikintisi və Rusiyanın Arktikasında mayeləşdirilmiş təbii qazın istehsalı üzrə irimiqyaslı birgə layihələr planlı şəkildə həyata keçirilir", - deyə o, qeyd edib.
Bundan əlavə, prezident enerji sahəsində əməkdaşlığın genişləndirilməsində biznes-forumun roluna diqqət çəkib. Forum iki ölkənin hökumət strukturlarının, aparıcı sənaye korporasiyalarının, bank strukturlarının və ekspert dairələrinin nümayəndələri arasında müntəzəm dialoqu təmin edir. Forumun fəaliyyətinin ən mühüm istiqaməti "Rusiya-Çin enerji əməkdaşlığının investisiya Atlası"nın yaradılmasıdır.