CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda baytarlıq arayışının alınmasına görə dövlət rüsumu tutulmayacaq

Baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir.
Sputnik
BAKI, 29 noyabr - Sputnik. Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov bildirib ki, sənəd sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.
İclasda “Baytarlıq haqqında” qanuna da dəyişiklik edilib. Dəyişikliyə əsasən, baytarlıq yükünün daşınması üçün tələb olunan arayışın alınmasına görə dövlət rüsumu ləğv olunur.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulub.