BAKI, 28 noyabr — Sputnik. Avropa İttifaqının sanksiyaları "Akkuyu" AES-in maliyyələşdirilməsində problem yaratmayacaq. Bunu Rusiyanın "Rosatom" dövlət korporasiyası rəhbərinin birinci müavini Kirill Komarov bildirib.
Onun sözlərinə görə, Akkuyu hazırda atom elektrik stansiyasının tikintisi üçün dünyanın ən böyük sahəsidir.
Komarov vurğulayıb ki, təxminən 5 giqavat gücündə olan Akkuyu atom elektrik stansiyası dünyada 4 reaktorun eyni vaxtda tikildiyi yeganə ərazidir.
Akkuyu AES Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Planlaşdırılır ki, stansiyanın bütün dörd bloku Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə istismara verildikdən sonra ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.
Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcək. Akkuyu AES qlobal nüvə sənayesində "qur-sahib ol-işlət" modeli ilə həyata keçirilən ilk layihədir. Tikintinin dəyəri təxminən 20 milyard dollardır. Akkuyu layihəsi nüvə enerjisi sənayesində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.
"Akkuyu" AES-in birinci enerji blokunun tikintisi 2018-ci ilin aprelində, ikincisi 2020-ci ilin aprelində, üçüncüsü 2021-ci ilin martında, dördüncü enerji blokunun tikintisi bu ilin iyulunda başlayıb.