BAKI, 26 noyabr — Sputnik. Biznesmen və Twitter mikrobloq sosial şəbəkəsinin yeni sahibi İlon Mask şənbə günü bildirib ki, əgər Google və ya Apple proqram mağazaları sosial şəbəkəni silsə və mövcud brendlərin smartfonlarında ondan istifadə imkanını bloklayarsa, o, öz smartfonunu yaratmağa hazırdır.
Podkast müəllifi Liz Uilerin "Marsa uçan raket düzəldən biri üçün balaca axmaq smartfon istehsal etmək çətin olmaz" sözlərinə cavab olaraq, Mask "Əlbəttə, ümid edirəm ki, bu baş verməyəcək, amma bəli, başqa seçim olmasa, alternativ bir telefon düzəldəcəyəm" deyib.
"Əgər Apple və Google Twitter-i öz proqram mağazalarından çıxarsalar, İlon Mask öz smartfonunu hazırlamalıdır. Ölkənin yarısı qərəzli və casusluq edən iPhone və Android telefonlarından məmnuniyyətlə imtina edər", - jurnalist yazıb.
Mask daha əvvəl Twitter-i alıb və internetdə gərgin müzakirələrə səbəb olan bir neçə islahatlar həyata keçirib.
Xüsusilə, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampın səhifəsini blokdan çıxarıb, şirkətin bütün işçiləri üçün distant işi ləğv edib, işçilərin bir hissəsini ixtisar edib, həmçinin bütün istifadəçilər üçün ödənişli qeydiyyat tətbiq edib. Ayda 8 dollar ödəməklə şəbəkədəki istənilən hesab öz həqiqiliyini sübut etmək üçün “mavi razılıq işarəsi” ala bilər.