BAKI, 25 noyabr - Sputnik. Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.
Rayonun düşmən tapdağından qurtulmasından iki il ötür.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə müddəti noyabrın 25-dək uzatdı.