BAKI, 25 noyabr — Sputnik. Pandemiya başlayandan bəri qızılca əleyhinə peyvəndlə əhatə dayanmadan azalır. 2021-ci ildə 40 milyondan çox uşaq qızılca əleyhinə peyvənd olunmayıb: 25 milyon uşaq - birinci dozanı, daha 14,7 milyon uşaq isə ikinci dozanı ötürüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni məruzəsində deyilir.
Qiymətləndirmələrə görə, 2021-ci ildə bütün dünyada qızılcaya doqquz milyon yoluxma halı və bu xəstəlikdən 128 min ölüm halı qeydə alınıb. 22 ölkədə xəstəliyin ciddi hiddətlənməsi qeydə alınıb.
"Pandemiyanın paradoksu ondan ibarətdir ki, COVID-19 əleyhinə vaksinlərin rekord müddətə işlənib hazırlanması və tarixdə ən böyük vaksinasiya kampaniyası gedişində tətbiq edilməsinə baxmayaraq, planlı immunizasiya proqramları ciddi şəkildə pozulub və milyonlarla uşaq qızılca da daxil olmaqla, ölümcül xəstəliklərə qarşı həyati mühüm peyvəndləri ötürüblər", – deyə ÜST-ün baş direktoru Tedros Qebreyesus bildirib. O, bütün planlı immunizasiya proqramlarını bərpa etməyə çağırıb.
Vəziyyət ciddidir: qızılca ən yoluxucu virus infeksiyalardan biridir, lakin vaksinasiya vasitəsilə onun qarşısı alına bilər. Kollektiv immunitetin yaradılması üçün əhalinin 95 faizini vaksinasiya ilə əhatə etmək lazımdır – söhbət qızılca vaksininin iki dozasından gedir. Hazırda dünyada uşaqların təxminən 81 faizi qızılca əleyhinə vaksinin birinci dozasını, uşaqların yalnız 71 faizi bu vaksinin ikinci dozasını alır. Bu, 2008-ci ildən bəri qızılca əleyhinə vaksinasiya ilə əhatənin ən aşağı qlobal göstəricisidir.