BAKI, 24 noyabr — Sputnik. Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Xovayev bundan əvvəl İrəvana səfər edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda keçirilən görüşdə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesini müzakirə ediblər.
“Görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı son hadisələr müzakirə olunub. Həmsöhbətlər oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sonuncu üçtərəfli görüşünə toxunublar. Ararat Mirzoyanla İqor Xovayev Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, həmçinin regionda nəqliyyat infrastrukturlarının açılması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, cari ildə Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
Xovayevin yeni statusu fevralın 24-dən Vaşinqton və Parisin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüy”ü çərçivəsində Moskva ilə bütün əlaqələri məhdudlaşdırması ilə bağlıdır.