BAKI, 24 noyabr — Sputnik. Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın bu addımları postmünaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir:
"Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetirilmir".
O, həmçinin bildirib ki, Ermənistan 2021-ci il istehsalı olan və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb.
Nazirin sözlərinə görə, Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir: "Yenə də Azərbaycan ərazisində minalar aşkarlanıb. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qəbuledilməzdir. 2021-ci il istehsalı olan minaların daşınması Laçın dəhlizi vasitəsilə həyata keçirilib".