BAKI, 24 noyabr — Sputnik. Ermənistan parlamentindəki müxalifət ölkə rəhbərliyini KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən iclasında yekun sənədlərdə müsbət ifadələrə nail ola bilməməsinə görə ittiham edib.
"Ayastan" blokunun deputatı Aqnessa Xamoyan bildirib ki, Ermənistanın Təşkilatda sədrliyi dövründə Azərbaycanla qarşıdurmada siyasi dəstək əldə edə bilməməsinin səbəbini hakimiyyətdən soruşmaq lazımdır.
Onun sözlərinə görə, hakimiyyət bu suala cavab vermək əvəzinə öz informasiya platformalarında və müavinlərinin ağzı ilə söz atır, KTMT-dən çıxdığını "elan edir", Rusiyaya qarşı tənqidi fikirlər səsləndirirlər. Eyni zamanda, o bildirib ki, Ermənistanın KTMT-dən çıxacağı təqdirdə hakimiyyətin ölkəni hansı təhlükəsizlik sisteminə inteqrasiya etmək niyyətində olduğu bəlli deyil.
Xamoyan həmçinin əmindir ki, 2018-ci ildə Təşkilatın ovaxtkı baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin başlanması KTMT-nin Ermənistana münasibətinə mənfi təsir göstərib və hazırkı vəziyyətə gətirib çıxarıb.
"Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağını deyə bilmərəm. Çünki bu müddət ərzində İrəvanla Təşkilat arasında münasibətlərin necə inkişaf etdiyi barədə məlumatım yoxdur. Amma sizi əmin edə bilərəm ki, Yuri Xaçaturovla bağlı işin Ermənistana etimadın səviyyəsinə təsiri olub və bu etimad azalıb. Əgər sırf şəxsi ambisiyalarına görə Təşkilatdan çıxmaq qərarı verilərsə, bu, növbəti avantüra olacaq", - deputat qeyd edib.
Məlum olduğu kimi, rəsmi İrəvan "KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi" və "Ermənistan Respublikasına yardım üzrə birgə tədbirlər haqqında" layihələrini imzalamayıb, strukturun siyasi qiymətləndirilməsi Ermənistan tərəfini qane etməyib. Sənədlər KTMT KTŞ-nin iclası zamanı təqdim edilib.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.