DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT yaxın vaxtlarda praktiki və taktiki-xüsusi təlimlər keçirəcək

Qurumun baş katibi bildirib ki, KTMT-nin sülhməramlı potensialının BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlara inteqrasiyası prosesi davam edir.
Sputnik
BAKI, 23 noyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yaxın vaxtlarda praktiki və taktiki-xüsusi təlimlər keçiriləcək. Bunu İrəvanda KTMT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlikləri, Müdafiə Nazirləri və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin rəhbərləri şurasının birgə iclasında təşkilatın baş katibi Stanislav Zas deyib.
Onun sözlərinə görə, müasir şəraitdə KTMT-nin hərbi komponentinin gücləndirilməsi vacibdir.
"Yaxın vaxtlarda bir sıra praktiki və taktiki-xüsusi təlimlərin keçirilməsi planlaşdırılır. Onların planına sülhməramlılıq, terrorizmə qarşı mübarizə, böhran və fövqəladə hallara cavab tədbirləri daxildir. Terrorçuluq və ekstremizmə, qeyri-qanuni miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı effektiv mübarizə mexanizmləri və s. KTMT-də yaradılıb və təkmilləşdirilir", - Zas bildirib.
Onun sözlərinə görə, KTMT-nin sülhməramlı potensialının BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlara inteqrasiyası prosesi davam edir.
KTMT-nin böhrana cavab mexanizmlərinin təkmilləşdirilməsinə səbəb bu ilin yanvarında Qazaxıstanda sülhməramlı əməliyyatın keçirilməsinin ilk praktiki təcrübəsi olub.
Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti də keçiriləcək.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.