BAKI, 22 noyabr - Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığında Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib, həmçinin nəqliyyat və enerji sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirib.
“2022-ci il noyabrın 17-də Bakıda keçirilən danışıqların inkişafı çərçivəsində hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Mixail Mişustin və Əli Əsədov nəqliyyat, energetika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər”, - deyə Rusiya Federasiyası hökumətinin saytında dərc edilən mesajda deyilir.
Xatırladaq ki, noyabrın 17-də baş nazirlərin Bakıda apardığı danışıqların yekunlarına dair sənədlər paketi imzalanıb. Xüsusilə, tərəflər fiziki şəxslər tərəfindən nağd pulun transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında razılığa gəliblər.
Bundan əlavə, səhiyyə sahəsində beynəlxalq qaydaların həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair sazişlər imzalanıb.
Həmçinin gəmiqayırma sahəsində əməkdaşlıq, iki ölkənin dövlət sərhədindən buraxılış məntəqələrinin ikitərəfli inkişafı və onlara nəqliyyat yanaşmaları, nəqliyyat sektorunda kadrların hazırlanması və yenidən hazırlanması sahəsində qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlığa dair bir sıra sənədlər qəbul edilib.