BAKI, 22 noyabr - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların praktiki icrasını müzakirə edib. Bu barədə Kreml məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bu il oktyabrın 31-də Soçidə əldə etdikləri razılaşmaların, eləcə də üç ölkənin ən yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki icrası məsələləri nəzərdən keçirilib”, - deyə məlumatda bildirilir.
Liderlər Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi, eləcə də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası məsələsi üzrə üçtərəfli formatda işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
“Energetika sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilib”, - deyə Kremlin məlumatda qeyd edilir.