BAKI, 21 noyabr — Sputnik. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 180 gün ərzində 5 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.
Bu, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
Yeni redaksiyaya əsasən, bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5 min nəfərə çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməli idi.
Eyni zamanda qanun layihəsinin yeni redaksiyasına əsasən, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun qanunun tələblərinə uyğunluğunu yoxlayacaq. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək. Bu məlumatı daxil olduğu tarixdən 30 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim edəcək.
Qanunun əvvəlki redaksiyasında bu müddət 15 gün nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Noyabrın 4-də "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirib ki, "Siyasi partiyalar haqqında" mövcud qanun 1992-ci ildə qəbul edilib. Ötən illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib. Eyni zamanda, Azərbaycanda "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu qəbul edilib. Ona görə də bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi, həm də milli konstitusion hüququn təsbiti tələblərindən irəli gələrək "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin qəbulu zəruridir.
Əli Hüseynli layihənin hazırlanmasından danışıb, 20-dən çox ölkənin, o cümlədən Avropanın qabaqcıl ölkələrinin təcrübəsinin, həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə tövsiyələrinin, siyasi partiyalardan daxil olan təkliflərin nəzərə alınması barədə məlumat verib.
O, siyasi partiyaların nümayəndələrinin iştirakı ilə keçirilmiş birinci ictimai dinləmənin çox faydalı olduğunu və layihənin təkmilləşdirilməsinə töhfə verdiyini deyib, bugünkü müzakirələrdə səslənəcək fikirlərin də ölkənin siyasi partiyalar haqqında qanunvericiliyinin inkişafına kömək edəcəyinə inamını ifadə edib.
Onu da bildirək ki, bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.