CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik Xəzərin sahilinə səpələnən plastik dənəciklərlə bağlı məlumat yaydı - Foto

Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib.
Sputnik
BAKI, 21 noyabr — Sputnik. Dəniz sahilinə yayılan plastik xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a məlumat daxil olub.
Bildirilir ki, Xəzər dənizinin Fatmayı və Goradil sahilboyu ərazisinə dənəvər plastik materialların yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib.
Nazirlik Xəzərin sahilinə səpələnən ağ plastiklə bağlı araşdırma aparıb
"Ölkəmizdə fəaliyyət göstərən polietilen materiallar istehsal edən müəssisələrin mütəxəssisləri əraziyə cəlb edilib, birgə aparılan araşdırmalar və danışıqlar nəticəsində sözügedən xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib. İlkin ehtimala görə, xammal dəniz yolu ilə yük daşınması zamanı dənizə dağılıb və küləkli havada dalğa ilə sahilə çıxaraq sahil xətti boyu təqribən 1000 metr məsafədə yayılıb.
V.Cavadovun sözlərinə görə, hazırda plastik dənəciklərin yayıldığı ərazi Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənir.
Qeyd edək ki, Abşeronun Goradil və Fatmayı kəndlərinin sahilində çoxlu sayda plastik qırıntıları aşkarlanıb. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Ətraf mühit üzrə ekspert Rövşən Abbasov @SputnikAz-la söhbətində plastik dənəciklərin yük gəmisində qəza nəticəsində sahilə atılması ehtimalını irəli sürüb.
Onun fikrincə, qəzanın harada baş verdiyi məlum olmasa da, plastik tullantının Xəzəryanı ölkələrin akvatoriyasından Azərbaycana sualtı axınlarla çatdırılması mümkündür.
Eyni zamanda ekoloq dənizin tullantılarla əhali tərəfindən çirkləndirildiyini istisna edib.
Abbasov qeyd edib ki, yerli sakinlərin plastik dənəciklər əldə etməsi qəliz məsələdir.
"Suyun və sahilyanı ərazilərin plastiklə çirklənməsi baş veribsə, bunun nəticələrini yaxın zamanda görmək olacaq. Plastiklə qidalanan balıq və quşlar tələf olmağa başlayanda bu bilinəcək", - deyə ekspert vurğulayıb.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Abşeron sahillərinə "plastik qar" necə yağıb?