BAKI, 21 noyabr - Sputnik. Bakının Göradil və Fatmai kəndlərinin sahilində çoxlu sayda plastik qırıntıları aşkarlanıb. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Bəs bu plastik hissəciklər Abşeron sahillərində necə peyda olub?
Ətraf mühit üzrə ekspert Rövşən Abbasov @SputnikAz-la söhbətində plastik dənəciklərin yük gəmisində qəza nəticəsində sahilə atılması ehtimalını irəli sürüb.
Onun fikrincə, qəzanın harada baş verdiyi məlum olmasa da, plastik tullantının Xəzəryanı ölkələrin akvatoriyasından Azərbaycana sualtı axınlarla çatdırılması mümkündür.
Eyni zamanda ekoloq dənizin tullantılarla əhali tərəfindən çirkləndirildiyini istisna edib.
Abbasov qeyd edib ki, yerli sakinlərin plastik dənəciklər əldə etməsi qəliz məsələdir.
“Suyun və sahilyanı ərazilərin plastiklə çirklənməsi baş veribsə, bunun nəticələrini yaxın zamanda görmək olacaq. Plastiklə qidalanan balıq və quşlar tələf olmağa başlayanda bu bilinəcək”, - deyə ekspert vurğulayıb.
Ekologiya və təbii sərvətlər nazirliyi isə hadisənin səbəblərini araşdırdığını bildirib.