BAKI, 19 noyabr - Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində 10 Ukrayna pilotsuz təyyarəsini vurub. Bu barədə şənbə günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"LXR" və Xarkov vilayətində Rusiya hərbçiləri bir gündə 110-a yaxın ukraynalı hərbçi və xarici muzdluları məhv edib", - deyə məlumatda bildirilir.
Nazirliyin məlumatına görə, Kupyansk istiqamətində Xarkov vilayətinin rayonlarından muzdlular tərəfindən gücləndirilmiş Ukrayna bölük taktiki qruplarının hücumlarının qarşısı alınıb.
“Artilleriya atəşi, hücum və ordu aviasiyasının zərbələri nəticəsində 60-dan çox Ukrayna hərbçisi və muzdlusu, üç tank, bir piyada döyüş maşını və iki zirehli transportyor məhv edilib”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Bundan əlavə bildirilib ki, “Donetsk Xalq Respublikası"nda Rusiya qoşunlarının hücum əməliyyatları zamanı 120-dən çox ukraynalı hərbçi, iki tank, üç zirehli döyüş maşını və yeddi texnika məhv edilib.
Nazirliyin məlumatına görə, sutka ərzində əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələri Xarkov vilayəti, "DXR", "LXR", Xerson vilayətində doqquz komanda məntəqəsini, o cümlədən atəş mövqelərində 86 artilleriya bölməsini, 176 rayonda canlı qüvvə və hərbi texnikanı vurub.
Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı artıq 6700-dən çox Ukrayna tankı və digər döyüş zirehli texnikası məhv edilib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 333 təyyarə, 177 helikopter, 2532 pilotsuz uçuş aparatı, 388 zenit-raket kompleksi, 6705 tank və digər zirehli döyüş texnikası, 897 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3599 sahə artilleriya qurğuları və minaatan, o cümlədən 7273 ədəd xüsusi təyinatlı hərbi texnika”, - deyə məlumatda bildirilir.