BAKI, 18 noyabr — Sputnik. Rusiya və Azərbaycanın nəqliyyat və logistika layihələri iki ölkə arasında əməkdaşlığın inkişafı üçün hərəkətverici qüvvə olacaq. Bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə Rusiyanın baş naziri Mixail Mişustin deyib.
"Nəqliyyat sektoru çox vacibdir, biz əminik ki, birgə infrastruktur və logistika layihələri əməkdaşlığın bütün spektrinin qurulması üçün yeni hərəkətverici qüvvə olacaq", - Rusiya hökumətinin başçısı cümə günü Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayıb. "Biz gözləyirik ki, 2030-cu ilə qədər onunla daşımaların həcmi ildə 15 milyon tona qədər artacaq", - RF Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.
"Biz iki ölkə prezidentlərinin qəbul etdiyi qərarların həyata keçirilməsi üçün hökumətlər vasitəsilə çox fəal işləyirik", - Mişustin qeyd edib. Onun sözlərinə görə, cümə axşamı Azərbaycanın Baş naziri Əli Əsədov ilə danışıqlarda enerji, sənaye, nəqliyyat, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətə diqqət yetirilib və nəticədə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra sazişlər imzalanıb.
Rusiya Federasiyasının Baş naziri əmin edib ki, ənənəvi olaraq mədəni-humanitar əlaqələrə xüsusi önəm verilir. O, Bakıda Rusiya ali məktəblərinin filiallarının uğurla fəaliyyət göstərdiyinə, Azərbaycandan 11 mindən çox tələbənin Rusiyada təhsil almasına diqqət çəkib.
"İnsanlar arasında bu cür təmaslar ölkələrimizin zəngin adət-ənənələri, mədəniyyəti ilə tanış olmağa kömək edir", - Mişustin bildirib.
"Gələn il biz görkəmli sovet və Azərbaycan dövlət xadimi, sizin atanız Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik", - RF Nazirlər Kabinetinin rəhbəri deyib. Mişustin İlham Əliyevi noyabrın 17-də Azərbaycanda qeyd olunan dövlət bayramı - Milli Dirçəliş Günü münasibətilə təbrik edib, Rusiya Prezidenti Vladimir Putinin "ən xoş və səmimi arzularını çatdırıb və Bakıda Rusiya nümayəndə heyətinə göstərilən səmimi qəbula görə təşəkkür edib.
İlham Əliyev və Mişustin arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar aparılıb, həmçinin Azərbaycan Prezidenti ilə Rusiyanın Baş naziri arasında təkbətək görüş baş tutub.