BAKI, 18 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı keçirib. Bu barədə Anadolu agentliyi xəbər verir.
"Türkiyə prezidenti Ərdoğan telefon danışığında Rusiya prezidenti Putinə İstanbul taxıl müqaviləsinin uzadılması ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edib", - deyə agentlik bildirib.
Liderlər ikitərəfli münasibətləri və regional məsələləri də müzakirə ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Ukraynadakı vəziyyətin nizamlanması üçün sülh danışıqlarının vacibliyini vurğulayıb.
"Rusiya-Ukrayna müharibəsinin uzanmasının riskləri artıracağını və buna görə də diplomatik danışıqların canlandırılması zərurətini ifadə edən prezident Ərdoğan, Rusiya və ABŞ kəşfiyyat rəhbərlərinin Türkiyədəki təmaslarının gərginliyin qarşısının alınmasında mühüm rol oynadığını bildirib" - deyə Türkiyə Prezidentinin ofisindən bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün jurnalistlərə Ukrayna ilə dialoqun mümkünlüyündən danışarkən deyin ki, Moskva danışıqlara açıqdır, bu mövqe Kiyevə yaxşı məlumdur. Eyni zamanda, Ukrayna tərəfi heç bir danışıqların aparılmasını istəmir. Peskov vurğulayıb ki, istənilən danışıqların məqsədləri var, Rusiyanın məqsədləri hamıya məlumdur və onlara ya xüsusi hərbi əməliyyat, ya da danışıqlar yolu ilə nail olmaq olar, Rusiya hər ikisinə açıqdır.
Qeyd edək ki, taxıl sazişi"nin müddəti daha 120 gün uzadılıb. BMT-nin baş katibi Antonio Quterreş də bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün bütün üzvləri - Rusiya, Türkiyə və Ukrayna sazişin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər.
İyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "Taxıl müqaviləsi" Ukrayna taxılının, ərzaq məhsullarının və gübrələrinin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla üç limandan ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (JCC) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir.