RUSİYA

Zaxarova: görəsən, dünyaya nə qədər ingilis casusu səpələnib?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın "Mİ5"-nin rəhbəri Ken Makkalumun açıqlamasına münasibət bildirib.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın "Mİ5"-nin rəhbəri Ken Makkalumun Avropadan deportasiya edilən rus "casusları" ilə bağlı açıqlamasına münasibət bildirib. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bu cür qovulmaların qanunsuz olduğunu dəfələrlə bəyan edib.
Daha əvvəl Britaniyanın "MI5" əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkalum bu il Avropadan qovulan 600 rusiyalı diplomatdan yalnız 400-nün "casus" olduğunu iddia edib, digər 200 nəfərin isə kim olduğunu və belə olduğu halda nə üçün qovulduğu barədə açıqlama verməyib.
"Britaniya mətbuatı heç vaxt Makkalumdan dünyaya səpələnmiş britaniyalı casuslarının sayını soruşmayacaq. Maraqlı deyil? Yoxsa, sonradan onlarla nə edəcəklərini bilirlər?", - deyə Zaxarova özünün "Telegram" kanalında yazıb.
O, maraqlanıb: "2022-ci ilə qədər İngiltərənin Rusiyadakı səfirliyində nə qədər ingilis casusu işləyirdi və hazırda onların sayı nə qədərdir?" Zaxarova, həmçinin, belə bir sual da verib: "Sizcə, Böyük Britaniyanın Moskvadakı səfiri bu mövzuda böyük qardaşı Makkalum kimi açıq danışa biləcəkmi?".
Ukraynada hərbi əməliyyat başladıqdan sonra Rusiya, Rusiya diplomatlarının Qərb ölkələrindən görünməmiş miqyasda qovulması ilə üzləşib. Rusiya Xarici İşlər Nazirliyi hər dəfə bu aksiyaların qanunsuzluğu və hüquqi cavab addımları barədə bəyanatlar verir - bəzi xarici diplomatlar, həmçinin, artıq Rusiyanı tərk ediblər.
Bu hadisələri şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova onları "ABŞ tərəfindən səhnələşdirilib" adlandırıb və "onların bəzilərinin tamaşada iştirakdan utandığını" ehtimal edib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Kremlin Rusiya diplomatlarının Avropadan qovulmasından təəssüfləndiyini bildirib.
O, Avropa ölkələrinin hərəkətlərini heç də ağıllı olmayan addım adlandırıb, çünki söhbət böhran şəraitində diplomatik ünsiyyət imkanlarını daraltmaqdan gedir.