PAYTAXT XƏBƏRLƏRİ

Bakıda əlliyədək zirzəmidə istilik avadanlıqları oğurlanıb

Hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb ki, bu da istiliyin verilməsində problemlər yaradır.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. İstilik mövsümü başlasa da, bəzibinalarda hələdə istilik sistemləri ilə bağlı problem qalmadadır.
Bənzər mənzərə Xətai rayonu Telnov 3, Yasamal rayonu, Yeni Yasamal 1, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov 15 q ünvanlarında, eyni zamanda Bəhruz Nuriyev 51, 53, 39, 47 ünvanlarında da yaşanır.
Sakinləri isə yalnız bir sual düşündürür: bu problem nə zaman həllini tapacaq?
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən gün axşam saatlarında 76 saylı qazanxanada axıntı yaranıb. Bu səbəbdən də Bəhruz Nuriyev 51, 53, 39, 47 ünvanlarında yerləşən binaların istilik sisteminə gələn xətt bağlıdır: "Gün ərzində bu problem həll olunacaq, istiliyin verilməsi bərpa olunacaq".
Digər ünvanlarda yaşanan problemlə bağlı olaraq Elvin Basqallı bildirib ki, bütün qazanxanalar qrafik üzrə işə salınsa da, bəzi yerlərdə rejim tənzimləmələrinə görə müəyyən problemlər var: "Artıq bir-bir bu problemlər aradan qaldırılır. Daxil olan müraciətlər əsasında işlər görülür".
Basqallı onu da qeyd edib ki, hazırda 50-yə yaxın zirzəmidə istiliklə bağlı bəzi avadanlıqlar oğurlanıb. Bu da istiliyin verilməsində problemlər yaradır. "Azəristiliktəchizat" bu problemlə əlaqədar aidiyyatı orqanlara müraciət edib.